Son nəfəsədək (film, 2018)
Son nəfəsədək — Ermənilərin Azərbaycana qarşı təcavüzünün başlandığı 1988-ci ildən Xocalı faciəsinə kimi bir dövrü əhatə edən, Qarabağ həqiqətlərinin gizlin tərəflərini ictimaiyyətin diqqətinə çatdıran bədii film.
Real hadisələr əsasında çəkilən “Son nəfəsədək” filmində Qarabağ müharibəsi dövründə qəhrəmanların göstərdiyi rəşadət canlandırılıb. Filmin ssenaristi və Baş prodüseri Nurəddin Aslanov şahidi olduğu real hadisələri lentə alıb. Onun sözlərinə görə, filmin orijinal tərəflərindən biri, Qarabağ müharibəsinin lap ilkin mərhələsindən Xocalı soyqırımına qədər olan dövrü əhatə etməsidir. Film həmin dövrdə son nəfəsinədək igidlik göstərərək, torpağını qoruyan Yavər İsgəndərov və silahdaşlarının döyüş yolundan bəhs edir.
Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissor Elnur Əliyev, quruluşçu operator Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçu rəssam Mehriban Əfəndi, icraçı prodüseri Rövşən Quliyev, redaktoru Kamran Qasımovdur. 100 dəqiqəlik filmin istehsalı “Frame” Production, kreativ media və PR koordinasiya işləri isə “AzerNewMedia” tərəfindən həyata keçirilib.
1989-cu ildə Sovet İttifaqının ucqar həbsxanalarından birində cəza çəkən Yavər (İlqar Cahangir) doğma torpağına, Qarabağa – Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə qayıdır. Amma burada hər şey dəyişib, erməni silahlılarının dinc azərbaycanlılara divan tutması sovet sülhməramlılarının bölgəyə yeridilməsi ilə nəticələnib. Üstəlik Yavərin illərboyu sevdiyi və evlənməyə hazırlaşdığı Qarateldən də (Ülviyyə Rza) xəbər yoxdur.